BAKININ AZAD EDİLMƏSİNDƏN 90 İL KEÇİR
TÜRK ŞƏHİDLƏRİNİN XATİRƏSİ YAD OLUNMUŞDUR
Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak hərbi birləşmələrindən azad etməsindən 90 il keçir. Bu münasibətlə ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB), Azərbaycan-Türk İş Adamları Birliyi (ATİB), Gəncliyə Yardım Fondu (GYF), Bakı Söhbət Toplantıları Klubu (BSTK), Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qoşunlarına qarşı mübarizədə şəhid olmuş türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Şəhid türk əsgərlərinin xatirəsi ehtiramla yad olunmuş, onların adları yazılmış lövhələrin üzərinə gül-çiçək dəstələri düzülmüş, abidənin önünə əklillər qoyulmuşdur.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Hulusi Kılıç xatirə kitabına ürək sözlərini yazmış, 1918-ci ildə Bakının bolşevik-daşnak işğalından azad edilməsi zamanı türk əsgərinin göstərdiyi qəhrəmanlıqlardan danışmışdır.
Sonra tədbir iştirakçıları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarı üzərinə də güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklillər qoymuşlar.
Mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva iştirak etmişdir.
######
![]() |
![]() |

