BALAKƏN AVİASİYA MƏRKƏZİNDƏ PARAŞÜT İDMANI ÜZRƏ BEYNƏLXALQ TURNİR BAŞA ÇATMIŞDIR
Balakən, 4 may (AZƏRTAC). Balakən Aviasiya Mərkəzində MDB ölkələri paraşütçülərinin iştirakı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş beynəlxalq turnir başa çatmışdır.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə keçirilən bu yarışda Azərbaycan komandası ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan 50 nəfərə yaxın paraşütçü-idmançı mübarizə aparmışdır.
Üç gün davam edən beynəlxalq turnirin yekun nəticələrinə görə, komanda yarışlarında Belarus paraşütçüləri birinci yeri tutmuşlar. Rusiya və Azərbaycan komandaları sonrakı yerləri bölüşmüşlər. Fərdi yarışlarda isə Belarus komandasının üzvləri Yuriy Rakoviç 1-ci, Anton Bıstrov 2-ci, Tacikistan paraşütçüsü Olqa Balina isə 3-cü nəticə göstərmişlər.
Mayın 4-də Aviasiya Mərkəzində beynəlxalq turnirin rəsmi bağlanış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən iştirakçı komandaların rəhbərləri turnirin yüksək səviyyədə təşkili və idmançılar üçün yaradılmış hərtərəfli şəraitə görə təşkilatçılara, habelə Balakən rayonunun rəhbərliyinə minnətdarlıq etmiş, gələcəkdə də belə yarışlarda iştirak etmək arzusunda olduqlarını bildirmişlər.
KHVTİC Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov və Balakən rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov yarış qaliblərinə kubok və qiymətli hədiyyələr təqdim etmişlər. Komandaların rəhbərlərinə, eləcə də Aviasiya Mərkəzinin əməkdaşlarına da hədiyyələr təqdim olunmuşdur.
Turnir başa çatdıqdan sonra yarış iştirakçıları tanışlıq məqsədi ilə Şəki şəhərinə ekskursiya etmişlər.