BALAKƏN AVİASİYA MƏRKƏZİNDƏ PARAŞÜT İDMANI ÜZRƏ BEYNƏLXALQ TURNİR BAŞLAMIŞDIR
Balakən, 2 may (AZƏRTAC). Balakən Aviasiya Mərkəzində MDB ölkələri paraşütçülərinin iştirakı ilə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş beynəlxalq turnir başlanmışdır.
Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən bu yarışda respublikamızın təmsilçiləri ilə yanaşı, Rusiya, Belarus, Qazaxıstan və Tacikistandan 50 nəfərə yaxın paraşütçü-idmançı iştirak edir.
Mayın 2-də Balakən Aviasiya Mərkəzində beynəlxalq turnirin təntənəli açılış mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra komandalar meydanın mərkəzində düzülmüşlər.
Mərasimdə çıxış edən KHVTİC Respublika Şurasının sədri, polkovnik Novruzəli Orucov yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi işini daha da yaxşılaşdırmaq, habelə onların hərbi xidmətə hazırlanması sahəsində qurum tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. İki il bundan əvvəl, ulu öndərimizin 84-cü ildönümü ərəfəsində istifadəyə verilmiş Balakən Aviasiya Mərkəzində idmançı-paraşütçülərin hazırlanması sahəsində qısa müddət ərzində böyük işlərin görüldüyünü bildirən N.Orucov hazırda Azərbaycan paraşütçülərinin hazırlıq səviyyəsinə görə MDB ölkələri paraşütçülərindən heç də geri qalmadığını, müxtəlif yarışlarda onlarla bərabər səviyyədə mübarizə apardıqlarını xüsusi vurğulamışdır.
Mərasimdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Rusiya komandasının nümayəndəsi İqor Stepanov, Tacikistan komandasının üzvü Cəlaləddin Camalov, yarışların Belarusdan olan baş hakimi, beynəlxalq dərəcəli hakim Aleksandr Loxanov çıxış edərək beynəlxalq turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirmiş, iştirakçılara uğurlar arzulamışlar.
Yarış iştirakçılarına KHVTİC Respublika Şurasının hədiyyələri təqdim edilmişdir.
Tədbir iştirakçıları Cəmiyyətin yeni təlim avtomobillərinin yürüşünü, motodeltaçıların, habelə gənc idmançıların əlbəyaxa döyüş növü üzrə nümunəvi çıxışlarını izləmiş, rəqs kollektivinin bir-birindən maraqlı ifalarına tamaşa etmişlər.
Sonra yarışda iştirak edən paraşütçülər öz məharətlərini göstərmişlər. Onların Azərbaycan bayrağı ilə səmada nümayiş etdirdikləri mürəkkəb elementlər, “pilləkən” nömrəsi və digər tryüklər meydana toplaşan minlərlə tamaşaçı tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Daha sonra yarışların startı verilmişdir.
Beynəlxalq turnir mayın 5-dək davam edəcəkdir.
Mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev iştirak etmişdir.
######
![]() |
![]() |

