BALAKƏNDƏ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
Balakən, 27 fevral (AZƏRTAC). Xocalı faciəsinin 18-ci ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur. Rayon icra hakimiyyətinin tədbirlər planına uyğun olaraq idarə və müəssisələrdə, ümumtəhsil məktəblərində, mədəniyyət evləri və kitabxanalarda anma mərasimləri, xatirə gecələri, inşa yazı, şeir və rəsm müsabiqələri keçirilmiş, idman yarışları təşkil olunmuş, sərgi və guşələr açılmışdır.
Nəsimi adına şəhər orta məktəbində keçirilən “dəyirmi masa”da səslənən məruzə və çıxışlarda erməni cəlladlarının keçmiş SSRİ-nin 366-cı alayının hərbi qüvvəsinin köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri misli görünməmiş terrorun acı nəticələri konkret faktlarla nəzərə çarpdırılmış, bu qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayət olduğu bildirilmişdir. Tədbirdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Faciənin ildönümü ilə əlaqədar mərkəzi kitabxananın uşaq şöbəsində keçirilən “Xocalı - dərdim mənim” adlı tədbirin iştirakçıları əvvəlcə “Bu qan yerdə qalmayacaq” mövzusunda kitab və “Xocalı dəhşəti uşaq düşüncəsi ilə” adlı rəsm sərgisinə baxmışlar. Tədbirdə uşaqların ifasında doğma Vətənə, Xocalıya, Qarabağa həsr olunan şeirlər səslənmişdir.
Fevralın 26-da rayonun bütün ümumtəhsil məktəblərində ilk dərslər Xocalı mövzusuna həsr olunmuşdur.
Həmin gün rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, burada uyuyan igid həmyerlilərinin xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül-çiçək düzmüşlər.
Faciənin 18-ci ildönümü ilə əlaqədar rayon ərazisində məskunlaşan Xocalıdan olan ailələrə rayon icra hakimiyyəti tərəfindən ərzaq yardımı göstərilmişdir.