Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir
Bakı, 15 mart, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyi vaxtdan etibarən Balaxanı Əməliyyat Şirkəti ərazilərində geniş şəkildə hazırlanan tədbirlər planında ağacların əkilməsi xüsusi yerdədir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq Balaxanı Əməliyyat Şirkəti ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə ərazilərində ağacəkmə və təmizlik-abadlıq işləri yerinə yetirib.
Baharın gəlişi, təbiətin oyanması mövsümündə keçirilən bu aksiyanın məqsədi də məhz ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyəti və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.