ELM VƏ TƏHSİL
BDU-da konfrans: Ulu Öndər Heydər Əliyev və tarixi həqiqətlər
Bakı, 10 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsi, Səbail Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsi və Badamdar qəsəbəsi, Tofiq Məmmədov adına 239 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev və tarixi həqiqətlər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirdə 239 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim Sədaqət Əzimova Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, müstəsna tarixi xidmətlərindən danışıb. Qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda əmin-amanlıq bərpa olundu, ölkəmiz böyük inkişaf yoluna çıxdı.
Dahi rəhbər Heydər Əliyevin xilaskarlıq rolunu vurğulayan S.Əzimova Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini söyləyib.
Səbail Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Nigar Bəylərova, Abbasağa Dərbəndli, Badamdar bələdiyyəsinin sədr müavinləri Xədicə Həsənova və Rauf Mayılov Ulu Öndər Heydər Əliyev siyasi irsinin əhəmiyyətindən bəhs ediblər.
BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslanın “Ulu Öndər Heydər Əliyev şəxsiyyəti: milli-mənəvi dəyərlərimizin təəssübkeşi və təminatçısı”, dosent Rasim Süleymanovun “Görkəmli dövlət və ictimai-siyasi xadimlər Ulu Öndər Heydər Əliyev haqqında” mövzularında məruzələri dinlənilib.
Sonra şagirdlərin iştirakı ilə ədəbi-bədii hissə təqdim olunub.