BELÇİKANIN BRÜSSEL ŞƏHƏRİNDƏ XOCALI SOYQIRIMI İLƏ BAĞLI ETİRAZ AKSİYASI KEÇİRİLMİŞDİR
Brüssel, 27 fevral (AZƏRTAC). 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı Belçikanın Brüssel şəhərində Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin və Dünya Azərbaycanlıları Birliyinin birgə təşkilatçılığı ilə etiraz aksiyası keçirilmişdir. Aksiyada iştirak edən insanlar ermənilərin Xocalının dinc sakinlərini vəhşicəsinə qətlə yetirmələrini lənətləmişlər.
Azərbaycan-Belçika Dostluq Cəmiyyətindən verilən məlumatda bildirilir ki, Avropa İttifaqının (Aİ) əsas iqamətgahı olan “Place Schuman” mərkəzində keçirilən tədbirdə qitənin digər ölkələrində fəaliyyət göstərən Azərbaycan-Hollandiya Mədəniyyət Mərkəzi, Odlar Yurdu, Türkel və Anadolu Qartalları Dərnəyinin üzvləri də iştirak etmişlər.
Aksiyada çıxış edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin başqanı Ayhan Dəmirçi demişdir ki, tədbirin məqsədi ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş qəddarlıqları dünya ictimaiyyətinə çatdırmaqdır. Təəssüflər olsun ki, beynəlxalq qurumlar, insan haqları üzrə təşkilatlar Qarabağda yaşanan hadisələrə biganə qalmışlar. Biz bundan sonra da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində əlimizdən gələni edəcəyik və öz mövqeyimizdən bir addım da geri çəkilməyəcəyik.
Dünya Azərbaycanlıları Birliyinin başqanı Ədalət Quliyev bildirmişdir ki, Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş misli görünməmiş vəhşilik və bəşəri cinayətdir. Ermənilərin törətdiyi bu soyqırımı xalqımız tərəfindən heç vaxt unudulmayacaqdır. Mübarizəmiz haqq qələbə çalanadək davam edəcəkdir.
Sonda aksiya iştirakçıları Ermənistan səfirliyinin qarşısına yürüş etmiş və işğalçı dövlətin Azərbaycanın əzəli torpaqlarını azad etməsini tələb etmişlər.
Tədbirin təşkilatçıları, həmçinin Aİ insan hüquqları qurumlarına, Ermənistanın Belçikadakı səfirliyinə etiraz məktublarını da təqdim etmişlər.
######
