Beynəlxalq Atom Enerjisi Agentliyində çalışan həmvətənimiz AMEA-da olub
Bakı, 28 iyul, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli uzun illər Beynəlxalq Atom Enerjisi Agentliyində (MAQATE) çalışan həmvətənimiz Bəxtiyar Siracovla görüşüb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli AMEA-da aparılan elmi tədqiqat istiqamətləri barədə söz açıb. İsa Həbibbəyli bu ilin oktyabr ayında keçirilməsi planlaşdırılan “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın məramı haqqında danışıb. Qeyd edib ki, tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Azərbaycan elminin bu mükafatı qazanmış dünyanın aparıcı alimlərinin apardıqları tədqiqat istiqamətlərinə doğru yönləndirilməsidir.
AMEA rəhbəri vaxtilə Nobel Sülh Mükafatına layiq görülmüş Beynəlxalq Atom Enerjisi Agentliyində çalışanların arasında bu beynəlxalq təşkilata həmin mükafatı qazandıranların siyahısında Azərbaycan vətəndaşı Bəxtiyar Siracovun da adının olmasının qürurverici fakt olduğunu bildirib.
Sonra MAQATE-nin əməkdaşı Bəxtiyar Siracov çalışdığı beynəlxalq qurumun fəaliyyət istiqamətləri barədə danışıb, həmçinin apardığı tədqiqat işlərinə dair məlumat verib.
Sonda İsa Həbibbəyli MAQATE-də çalışan həmvətənimiz Bəxtiyar Siracovu AMEA-da keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransda iştiraka dəvət edib.
Həmvətənimiz Bəxtiyar Siracov Nobel mükafatına həsr olunan konfransın əhəmiyyətini vurğulayaraq, dəvətə görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib.
Görüşdə AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev də iştirak edib.