Beynəlxalq qurumlarla birgə erkən xəbərdarlıq sisteminin yaradılması planlaşdırılır
Bakı, 1 may, AZƏRTAC
Son dövrlərdə dünyanın bir çox yerində baş verən iqlim dəyişmələri Azərbaycanda da öz mənfi təsirini göstərməkdədir. Bu, həm yavaş templə inkişaf edən temperaturun tədricən yüksəlməsi, yağıntının, çaylarda sululuğun azalması, səhralaşmaya, quraqlığa doğru meyilliliyin artması ilə özünü büruzə verir. Eyni zamanda, təhlükəli hidrometeoroloji hadisələrin həm başvermə intervalı, həm amplitudası, həm də onların maksimal göstəriciləri, təhlükəlilik dərəcəsi artmaqdadır. Bu da özünü həm yağıntıların intensivliyinin artmasında, dolu hadisələrinin tez-tez baş verməsində, doluların ölçülərinin böyük olmasında, çaylarda sel-daşqın hadisələrinin tez-tez təkrarlanmasında, küləyin maksimal sürətinin daha da artmasında və daha tez-tez təkrar olmasında büruzə verir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis vəzifəsini icra edən Rafiq Verdiyev jurnalistlərə müsahibəsində deyib.
R.Verdiyevin sözlərinə görə, aprel-may ayları qış dövründən yaz dövrünə keçid ayları hesab edilir. Məhz həmin iki ay ərzində atmosfer prosesləri, müxtəlif istiqamətlərdən ölkə ərazisinə daxil olan hava cəbhələri vasitəsilə yerli oroqrafiyanın təsiri nəticəsində təhlükəli hidrometeoroloji hadisələrin başvermə intervalı daha da artır və yağışlar, güclü külək, dolu düşməsi, çaylarda sel hadisələri tez-tez təkrarlanır: "Xüsusilə qeyd etmək istərdim ki, sululuq ümumən 15-20 faiz azalır, lakin bu təhlükəli hadisələr, xüsusilə sel hadisələri daha tez-tez baş verir. Nəticə etibarilə qısa bir müddətdə - bir-iki gün ərzində illik axımın böyük bir hissəsi çaylardan sel vasitəsilə keçir. Əlbəttə ki, həmin sulardan istifadə etmək üçün ölkənin müxtəlif çayları üzərində su anbarları tikilməkdədir. Məqsəd həmin gursululuq, xüsusilə daşqın dövrlərində suları toplayaraq ilin digər fəsillərinə vegetasiya dövründə suvarma və digər sahələrdə istifadə etməkdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son üç ildə ölkə çayları üzərində 40-dan çox avtomat stansiya quraşdırılıb. Həmin stansiyalar imkan verir ki, istənilən anda çaylarda həm sel hadisələri, həm də sululuğun vəziyyətini müşahidə edək və eyni zamanda, bundan proqnozların verilməsində istifadə edək. Baş verən hidroloji hadisələrin, atmosfer proseslərinin daha da dəqiq proqnozunu təmin etmək üçün beynəlxalq qurumlarla - Yaşıl İqlim Fondu, BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə yaxın illərdə müasir tələblərə cavab verən erkən xəbərdarlıq sistemini yaratmağı planlaşdırırıq. Həmin sistem yaradılanda hidrometeoroloji hadisələr haqqında daha əvvəldən xəbər verəcəyik ki, bu da insan sağlamlığı üçün gözlənilən təhlükənin qarşısını almaqda, həm kənd təsərrüfatı və digər sahələr üçün iqlim dəyişmələrinə uyğunlaşma planlarının hazırlanmasında bizə kömək edəcək. Biz planları milli hesabatlarda beynəlxalq qurumlara təqdim etmişik. Onların icrası bizi iqlim dəyişmələrinə uyğunlaşmada daha çox dəstəkləyə bilər".