BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30 min manatdan artıq ianə ediblər
Bakı, 28 mart, AZƏRTAC
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə formasında “xərcləyə” bilərlər.
“KapitalBank” ASC-dən AZƏRTAC-a bildiriblər ki, funksiya tətbiq olunan vaxtdan - bir neçə gün ərzində artıq 30 min manatdan artıq vəsait toplanıb və bu məbləğ hazırda artmaqdadır.
Bundan başqa, mobil tətbiqdə koronavirusla bağlı xüsusi bölmə yaradılıb. Bu bölmədə virusla bağlı statistik məlumatlar, xəbərlər, virusun simptomları və diaqnostika, virusa yoluxmamaq üçün atılan addımlar və ən çox verilən suallara cavablar yerləşdirilib. Həmçinin tətbiq üzərindən təxirə salınmaz tibbi yardım üçün yaradılan qaynar xəttə də zəng etmək mümkündür.
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin bir milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri bir dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerində rəqəmsal kartın aktivləşdirilməsi, NFC ödənişlər, bonusların toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi ilə əlaqə saxlamaq lazımdır.