Birinci Qarabağ müharibəsinin itkin şəhidi Dadaş Dadaşov Bərdədə torpağa tapşırılıb VİDEO
Bərdə, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan, Ağdərə rayonunun İmarət Qərvənd kənd sakini Dadaşov Dadaş Şərif oğlunun nəşi ailəsinin məskunlaşdığı Bərdə rayonunda dəfn edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində Tərtər və Bərdə rayon icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri, rayon sakinləri, qazilər, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub. Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyib.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Mollaisalar kənd qəbiristanlığına gətirilib. Burada hərbi orkestrin müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidin xatirəsinə yaylım atəşi açılıb. Qəhrəman döyüşçü torpağa tapşırılıb. Tabutun üzərindəki üçrəngli Azərbaycan Bayrağı şəhidin qardaşına təqdim edilib.
Dadaşov Dadaş Şərif oğlu 1972-ci il tarixində Ağdərə rayonunun İmarət Qərvənd kəndində anadan olub. Birinci Qarabağ müharibəsində Murovdağ döyüşlərində iştirak edib və 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndi ərazisində itkin düşüb.