Bişkekdə Qırğızıstan-Azərbaycan mədəni əlaqələri müzakirə olunmuşdur
Bakı, 3 noyabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, cari il noyabrın 2-də Bişkekdəki Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov Qırğızıstan Respublikası Prezidenti administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Sapar İsakovla görüşmüşdür. Qırğızıstan-Azərbaycan mədəni əlaqələrinin genişləndirilməsi görüşün əsas müzakirə mövzusu olmuşdur. Görüşdə tərəflər bu yaxınlarda Bişkekdə qırğız dilində nəşr edilmiş Mir Cəlalın seçilmiş əsərlərinin üçcildliyinin Bakıda təqdimat mərasiminin keçirilməsi məsələlərini də müzakirə etmişlər.
Xatırladaq ki, bu yaxınlarda böyük Azərbaycan yazıçısı və alimi Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin qırğız dilinə tərcümə olunmuş üçcildliyinin Bakıda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. Təqdimatda Qırğızıstan Milli Yazıçılar İttifaqının sədri Adraxman Alımbayevin, katibi Seyit Altımışevin, dünya şöhrətli yazıçı Çingiz Aytmatovun qardaşı akademik İlgiz Aytmatovun və bir sıra başqa tanınmış adamların iştirakı gözlənilir.
Görüşdə Qırğızıstandakı Axıska türk dərnəyinin başçısı Mürəfəddin Sakimov və Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun vitse-prezidenti Osman Səfərov da iştirak etmişlər.
Sonda fondun prezidenti Nüsrət Məmmədov Qırğızıstan Respublikası Prezidenti administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Sapar İsakova Mir Cəlal Paşayevin seçilmiş əsərlərinin qırğız dilinə tərcümə olunaraq nəfis şəkildə çap olunmuş üçcildliyini hədiyyə etmişdir.
######
