Bölgələr üzrə Alternativ qeydiyyat mərkəzləri rayon (şəhər) təhsil şöbələrində təşkil olunub
Bakı, 11 mart, AZƏRTAC
2020-2021-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər üçün Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhəri üzrə Alternativ qeydiyyat mərkəzləri Xəzər rayonu üzrə Mərdəkan bələdiyyəsi, Gənclər evi, Buzovna qəsəbə icra nümayəndəliyi, Zirə və Binə bələdiyyələri, Xətai və Nizami rayonları üzrə Təlimə Dəstək Mərkəzi, Nərimanov rayonu üzrə Təhsil İnstitutunun Təlim Texnologiyaları Mərkəzi, Binəqədi və Nəsimi rayonları üzrə Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi, Suraxanı rayonu üzrə Hövsan, Qaraçuxur və Bülbülə bələdiyyələri, Qaradağ rayonu üzrə Qobustan, Müşfiqabad, Lökbatan, Sahil və Ələt bələdiyyələri, Sabunçu rayonu üzrə Gənclər evi, Səbail və Yasamal rayonları üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Qəbul otağı, Pirallahı rayonu üzrə Gənclər evində təşkil edilib. Vətəndaşlar Bakı şəhəri üzrə təşkil edilmiş həmin mərkəzlərə həftənin I-V günləri saat 10.00-dan 16.00-dək yaxınlaşa bilərlər.
Digər bölgələr üzrə isə Alternativ qeydiyyat mərkəzləri müvafiq rayon (şəhər) təhsil şöbələrində (idarələri) təşkil olunub. Vətəndaşlar həmin mərkəzlərə həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət edə bilərlər.
2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.