BORULARIN İLK PARTİYASI AZƏRBAYCANA GƏTİRİLMİŞDİR
Kəmərin texniki işlər üzrə operatoru bp şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 3544 boru yüklənmiş və Böyük Britaniyanın “Bortlinq” yükdaşıma şirkətinə məxsus ilk gəmi Malayziyanın Kuantan limanından çıxmış, 20 gündən sonra, yəni yanvarın 25-də Potiyə daxil olmuşdur. Borular Yaponiyanın üç zavodunda hazırlanmış, eyni zamanda, Malayziyada örtüklənmişdir.
Poti limanından 42 düymlük 240 borudan ibarət ilk yük isə Azərbaycana dəmir yolu vasitəsilə gətirilmişdir. Bu işi kəmərin Azərbaycan ərazilərindən keçən hissəsinin ekspeditor xidmətləri üzrə subpodratçısı “KUHNE ənd NAGLE” Almaniya şirkəti həyata keçirmişdir.
Qaz kəmərinin 442 kilometrlik Azərbaycan hissəsinə 38 min boru lazım olacaqdır. Hər gəmi 35 kilometr boru gətirəcək və bu proses cari ilin sonunadək davam etdiriləcəkdir. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin tikintisi tamamlanandan sonra dərhal bu kəmərin Azərbaycan hissəsinin inşasına başlanacaqdır.