Böyük Britaniyada planetin ən qədim meşəsi aşkar edilib
Bakı, 5 aprel, AZƏRTAC
Böyük Britaniyanın cənub-qərbindəki Devon və Somerset sahilləri boyunca qumdaşı qayalıqlarında tarixdən əvvəlki bir xəzinə - dünyanın ən qədim daşlaşmış meşəsi tapılıb.
AZƏRTAC xəbər verir ki, Kembric və Kardiff universitetlərinin bir qrup paleobotaniki 390 milyon il yaşı olan bu meşədə qazıntılar aparıb.
Bu kəşf Nyu-York əyalətində (ABŞ) tapılan ən qədim meşə qalığı üzrə əvvəlki rekordu təxminən dörd milyon il üstələyib.
Kembric Universitetinin geoloqu və elmi tədqiqatın ilk müəllifi professor Neil Devis deyir: “Bu, olduqca qəribə bir meşə idi - bu gün görə biləcəyiniz heç bir meşədən fərqlidir. Devon dövrü Yerdəki həyatı kökündən dəyişdi. Bu, həm də su və torpaq arasındakı qarşılıqlı əlaqəni dəyişdirdi, çünki ağaclar və digər bitkilər kök sistemləri vasitəsilə çöküntüləri sabitləşdirməyə kömək etdi, lakin ən erkən meşələr haqqında çox az şey məlumdur”.
İndi Bristol kanalının cənubunda tapılan bu fosillər Yer kürəsində məlum olan ən qədim fosil kimi tanınır. Onlar Hanqmen Qumdaşı Formasiyası adlı geoloji təbəqədə aşkar edilib. Təəccüblü odur ki, bu ağaclar qədim olsalar da, müasir analoqlarının əcdadlarıdır.
Dövrün ən mühüm qalıqlarının tapıldığı ingilis Devon bölgəsinin adını daşıyan Devon dövründə Yerdəki həyat əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Bu geoloji dövr təxminən 419-359 milyon il əvvəl davam edib.
Bu qayalarda tapılan fosillər kalamofiton bitki ailəsinə aiddir. İlk baxışdan, bu daşlaşmış ağacların qabığının görünüşü xurma ağaclarına bənzəyirdi, lakin özünəməxsus xüsusiyyətləri ilə: hündürlüyü 2-4 metr, budaqları yarpaq əvəzinə xırda budaqlardan ibarət, mərkəzləri isə bərk ağacdan olan içərisi boş idi.