İDMAN
“Böyük dəbilqə” turniri: İrina Kindzerska yarımfinala vəsiqə qazanıb
Bakı, 12 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində Azərbaycan cüdoçuları çıxışlarını uğurla davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən nüfuzlu turnirin son günündə Azərbaycanın 13 cüdoçusu qüvvəsini sınayır. Qadınların yarışında İrina Kindzerska (+78 kq) uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıb. Kişilərin mübarizəsində isə Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) dörddəbir finala vəsiqə qazanıblar.
Qeyd edək ki, cüdoçularımız turnirdə biri qızıl, biri gümüş, ikisi bürünc olmaqla 4 medal qazanıblar. Azərbaycan komandası bu nəticə ilə Yaponiya və Braziliya yığmalarından sonra üçüncü pillədə qərarlaşıb.
57 ölkədən 450-yə yaxın cüdoçunun mübarizə apardığı turnirə mayın 12-də yekun vurulacaq. Azərbaycan millisi bu turnirə 43 idmançı (28 oğlan, 15 qız) ilə qatılıb.