Bu gün Rusiya Prezidenti canlı yayımda suallara cavab verəcək
Moskva, 30 iyun, AZƏRTAC
İyunun 30-da Moskva vaxtı ilə saat 12:00-da Rusiyanın “Birinci kanal”, “Rossiya 24”, “NTV”, “ORT”, “Mir” telekanalları, “Mayak”, “Vesti FM”, “Radio Rossii” radiostansiyaları “Prezidenti Vladimir Putinin iştirakı ilə canlı yayım” verilişini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu, Rusiya Prezidentinin ölkə vətəndaşlarının suallarını canlı yayımda cavablandırdığı 18-ci verilişdir. İlk dəfə bu formatda veriliş 2001-ci ildə efirə çıxıb. Ötən il koronavirus pandemiyasına görə canlı yayım təxirə salınmışdı.
Moskvadakı Beynəlxalq Ticarət Mərkəzindən yayımlanacaq verilişdə Prezidentə sual vermək üçün ölkə əhalisi telefon mərkəzlərinə zəng vurmaq, SMS göndərməklə yanaşı, smartfonlara yüklənmiş “Moskva-Putin” əlavəsindən istifadə edərək suallarını videomüraciət və ya yazılı şəkildə verə biləcəklər.
Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, indiyədək canlı yayıma 1 milyon 550 mindən çox sual daxil olub. Builki sualların mövzusuna gəldikdə, D.Peskov vətəndaşları daha çox səhiyyə, koronavirusla mübarizə və peyvəndlə bağlı məsələlərin narahat etdiyini vurğulayıb. Bundan əlavə, verilişin telefon mərkəzlərinə iqtisadiyyat, bəzi regionlarda dərman qıtlığı, logistika problemləri ilə əlaqədar suallar daha çox daxil olub.
Rusiya Prezidentinin beynəlxalq gündəliyin aktual mövzularına da toxunacağı gözlənilir. V.Putin Rusiya-ABŞ münasibətləri, Ukrayna böhranı, “Şimal axını-2” qaz kəməri, Avropa İttifaqı ilə əlaqələr və digər məsələlər barədə danışacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva