BUXAREST ŞƏHƏRİ II SEKTORUNUN MERİ ÜMUMMİLLİ LİDERİMİZİN VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNİ ANMIŞDIR
Rumıniyalı qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də çiçəklər düzmüşlər.
Mer jurnalistlərə müsahibə verərək demişdir ki, bu gün nümayəndə heyətimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etməkdən şərəf hissi duyur. Mən Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərini, xüsusilə ölkənin ən çətin anlarında hakimiyyətə gələrək, onu böhrandan xilas etdiyini yaxşı bilirəm. Yeri gəlmişkən, Buxarest şəhərində bu görkəmli şəxsiyyətin büstünü qoymuşuq.
Rumıniya-Azərbaycan münasibətlərinə gəldikdə isə, əlaqələrimiz ən yüksək səviyyədədir. Bu əlaqələr hətta digər ölkələr üçün nümunə ola bilər. Azərbaycan ilə Rumıniya arasında əlaqələrin inkişafı üçün Prezident İlham Əliyevin göstərdiyi səyi yüksək qiymətləndiririk. Cənab İlham Əliyevin bu il iyunun 4-5-də Rumıniyaya səfəri, onun Prezident Trayan Besesku ilə danışıqları münasibətlərimizin inkişafında yeni mərhələ açmışdır.
Azərbaycan xalqı rumın xalqının çox sevdiyi dostudur. Təsadüfi deyildir ki, Rumıniya dünyada Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan ikinci dövlətdir. Rumıniyada Azərbaycan, Azərbaycanda Rumıniya günlərinin keçirilməsi barədə Buxarestdəki səfirliyinizlə məsləhətləşmələr aparmışıq. Yəqin ki, bu niyyətimizi reallaşdıra biləcəyik. Bakı Şəhər İcra Hakimiyyətində görüşlərimiz olacaq. Çalışacağıq ki, Bakı və Buxarest arasında əlaqələri gücləndirək.
X X X
Nekulai Ontsanunun başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını da ziyarət edərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının məzarları üzərinə tər güllər düzmüş, “Əbədi məşəl” abidəsinin önünə gül dəstəsi qoymuşdur.
Qonaqları Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənov müşayiət etmişlər.