Cəzaçəkmə müəssisəsində mini-futbol turniri keçirilib
Bakı, 19 may, AZƏRTAC
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə tədbirlər planına müvafiq olaraq, Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində mini-futbol turnirinin final qarşılaşması keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, AFFA referisi Vasif Əliyevin idarə etdiyi final oyununda “Şahin” və “Muğan” komandaları görüşüb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün qalibi müəyyənləşdirmək üçün 7 metrlik zərbələr yerinə yetirilib. Bu zərbələrdə daha yaxşı nəticə göstərən “Şahin” komandası qalib gələrək turnirin qalibi adını qazanıb.
Turnirin bağlanış mərasimində belə tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması baxımından əhəmiyyəti vurğulanıb.
Sonda qalib komandaların üzvləri Baş İdarə tərəfindən diplom və xatirə hədiyyələri ilə təltif olunub. Həmçinin cəzaçəkmə müəssisəsinə idman ləvazimatları hədiyyə edilib.