Çexiya millisi Patrik Şıkın dublu sayəsində Şotlandiya seçməsini məğlub edib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də futbol üzrə Avropa çempionatının dördüncü oyun gününə D qrupunda yer alan Şotlandiya və Çexiya seçmələrinin oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, Qlazqo şəhərindəki “Hampden Park” stadionunda oynanılan görüş Çexiya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Çexiyalıların heyətində hər iki qolu Patrik Şık vurub. O, matçın 42-ci və 52-ci dəqiqələrində şotlandiyalıların qapısına yol tapıb.
D qrupunun digər görüşündə İngiltərə millisi Xorvatiya seçməsini minimal hesabla məğlub edib - 1:0.
Qrup mərhələsinin ikinci turunda Çexiya millisi Xorvatiya, Şotlandiya isə İngiltərə seçməsi ilə qarşılaşacaq.
“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.