ÇİN XALQ RESPUBLİKASI AZƏRBAYCAN İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFINDA MARAQLIDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 15-də Milli Məclisin sədri Oqtay Əsədov Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr naziri Van Çzyajuyunun başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
Milli Məclisin sədri müstəqil Azərbaycanın dünya dövlətləri, o cümlədən Çin Xalq Respublikası ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirmişdir. O.Əsədov demişdir ki, ölkələrimiz arasında imzalanmış 33 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir.
Parlamentin sədri qeyd etmişdir ki, Azərbaycan Çin ilə siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə böyük maraq göstərir. Təqdirəlayiq haldır ki, ötən dövrlə müqayisədə bu gün dövlətlərimiz arasında ticarət dövriyyəsi 26 faiz artmışdır. Bu göstəricini daha da yaxşılaşdırmaq üçün geniş imkanlar mövcuddur.
Sədr bildirmişdir ki, parlamentlərarası əlaqələrin genişlənməsi dövlətlərarası münasibətlərə də müsbət təsir göstərir. Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri bu baxımdan çox əhəmiyyətlidir. O.Əsədov Çin parlamentinin sədrini Azərbaycana səfərə dəvət etmişdir.
Milli Məclisin sədri belə bir fikri vurğulamışdır ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi vardır. Biz bu məsələdə Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk. Müxtəlif beynəlxalq qurumlarda, o cümlədən BMT-də Çinin regional münaqişələrin həllində tutduğu prinsipial mövqe beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq birliyin dəstəyi ilə tezliklə öz ədalətli həllini tapacaqdır.
Səmimi qəbul üçün minnətdarlığını ifadə edən qonaq ölkəsinin Azərbaycan ilə əməkdaşlığa böyük maraq göstərdiyini xüsusi vurğulamışdır. O, ümidvar olduğunu bildirmişdir ki, qədim tarixi köklərə malik münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir. Qonaq Azərbaycana səfərindən, burada keçirdiyi görüşlərdən söz açaraq parlamentlər səviyyəsində münasibətlərin inkişafından məmnunluğunu bildirmişdir. O, Çin parlamentinin sədrini Azərbaycana səfərə dəvət etdiyinə görə Oqtay Əsədova minnətdarlığını bildirmişdir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.