Çin Yaponiyanın radioaktiv tullantı sularını okeana axıtmasını pisləyib
Bakı, 24 avqust, AZƏRTAC
Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında toplanmış radioaktiv tullantı sularını okeana axıtmağa başlamasını pisləyib. Bundan başqa, Çin Baş Gömrük İdarəsi Yaponiyadan dəniz məhsullarının idxalının dayandırıldığını açıqlayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi açıqlamasında Yaponiya hökumətinin Fukuşima Daiiçi Atom Elektrik Stansiyasında 2011-ci ildə baş vermiş zəlzələ və sunami nəticəsində yığılan radioaktiv tullantı sularını Sakit Okeana axıdılmasına sərt reaksiya verib. Çin Yaponiya tərəfini bu yanlış hərəkəti dayandırmağa çağırıb.
Çin Baş Gömrük İdarəsi stansiyanın tullantı sularının okeana axıdılması ilə əlaqədar qida təhlükəsizliyi baxımından radioaktiv çirklənmə riskinin qarşısının alınmasına çağırıb. Açıqlamada çinli istehlakçıların sağlamlığını qorumaq və idxal edilən ərzaq məhsullarının təhlükəsizliyini təmin etmək məqsədilə Yaponiya mənşəli dəniz məhsullarının idxalının avqustun 24-dən etibarən tamamilə dayandırıldığı vurğulanıb.
Əvvəllər də Çin hökuməti Yaponiyanın tullantı sularını okeana axıtmaq planının əleyhinə olub. Ötən gün Çin xarici işlər nazirinin müavini Sun Veydonq Yaponiyanın Tokiodakı səfiri Hideo Tarumini nazirliyə çağıraraq ölkəsinin reaksiyasını diqqətə çatdırıb. Sun Veidonq plana etirazını bildirərək, Yaponiyanın bu addımla beynəlxalq ictimaiyyətin narahatlığına və etirazlarına məhəl qoymadığını bildirib.