ÇİNLİ İDMANÇILAR LONDON-2012 OLİMPİADASINDA PEKİN-2008-DƏKİ UĞURLARINI TƏKRARLAMAĞA ÜMİD ETMİRLƏR
Bakı, 7 mart (AZƏRTAC). Çinin idman nazirinin müavini Tsuy Dalin 2008-ci il olimpiadasında ölkəsinin qazandığı uğurların 2012-ci ildə Londonda keçiriləcək olimpiadada da təkrarlanacağına və eyni sayda qızıl medal qazanacaqlarına şübhə edir. O əmindir ki, milli komandanın London olimpiya oyunlarında layiqincə çıxış edə bilməsi üçün idmanın oyun növlərində və yüngül atletikada hazırlıq səviyyəsini artırmaq və bununla bərabər, başqa idman növlərində də lider mövqelərini qoruyub saxlamaq zəruridir.
Tsuy Dalin Çin hökumətinin iclasında demişdir: “Pekində biz tarixi zəfər qazandıq: 51 qızıl medal aldıq, medalların ümumi sayına görə qalib olduq. İndi isə həmin uğurları əsas götürərək 2012-ci ildə London olimpiadasına qədər nələr etmək lazım olduğunu və yenidən ümumi qələbəyə iddia edə bilib-bilməyəcəyimizi başa düşməliyik. Əvvəlki uğurlara görə arxayınlaşmaq olmaz, nöqsanlarımıza daha çox diqqət yetirməliyik”.
Çinin idman nazirinin müavini daha sonra demişdir: “Londonda vəziyyət Pekindəkindən tamam fərqli olacaqdır. Məsələn, tribunalarda əyləşənlər bizi əvvəlki şəkildə dəstəkləməyəcəklər. Yüngül atletikada 47 mümkün medaldan heç birini ala bilmədiyimiz halda ölkəmiz idmanda dünya lideri adlana bilərmi? Hələ futbol komandamıza baxın... Məqsədimiz yüngül atletika, üzgüçülük, futbol, voleybol və basketbol idmanının səviyyəsini artırmaqdır. Medalların əksəriyyəti bu növlər üzrə oynanılır”.
Milli komandaların, o cümlədən suya tullanma və stolüstü tennis komandalarının məşqçləri də Tsuy Dalinin dedikləri ilə razılaşırlar. Onlar belə hesab edirlər ki, London-2012 olimpiadasında mübarizə daha mürəkkəb olacaqdır, çünki rəqiblər o vaxta qədər ustalıqlarını xeyli artıracaqlar.