“Cığır” İctimai Birliyinin könüllüsü Neslihan Məmmədova: Sərgidən əldə olunan gəlirləri atasız uşaqlara ünvanlayırıq
Bakı, 29 aprel, AZƏRTAC
Abşeron Milli Parkında sahibkarların iştirakı ilə ilk dəfə təşkil olunan sərgi-satış yarmarkası böyük maraq doğurur. “İstehsal et, təbiətə zərər vermə!” şüarı ilə keçirilən sərginin çoxsaylı iştirakçıları arasında “Cığır” İctimai Birliyinin könüllüsü Neslihan Məmmədova da var.
O, sərgi haqqında təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Fəaliyyətə 2015-ci ildən başlamışıq. Stenddə sosial sahibkarlıq layihəsinə aid olan məhsulları nümayiş etdiririk, onların arasında ekoçantalar, sabunlar, kitablar və suvenirlər var. Stenddə nümayiş olunan məhsullar təşkilatın könüllüləri və həyat yoldaşını itirən qadınların əl işləridir. Ondan əldə olunan gəlirlərlə atasız uşaqlara yardım edirik. Təşkilatımızın yardım göstərmək üçün qeydiyyata aldığı uşaqların çox az qismi ata-ana himayəsindən məhrumdur. Ümumilikdə iki mindən çox uşağa həm maddi, həm də mənəvi dəstək oluruq, onların arasında şəhid övladları da var. Xüsusilə də onların təhsil alması üçün yardım göstəririk. Bir sıra sərgilərdə iştirak etmişik. Düşünürəm ki, təşkilatçılar növbəti bir sərgidə iştirakımıza şərait yaratmaqla bu xeyirxah təşəbbüsdə pay sahibi oldular”.