Dahi bəstəkarın doğum günündə musiqi bayramı – Üzeyir Hacıbəylinin irsi yaşadılır VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Dahi bəstəkarın əsərləri müxtəlif nəsillərin, o cümlədən tələbə və gənclərin musiqi zövqünün formalaşmasında mühüm rol oynayır.
Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, eləcə də tələbə və gənclər iştirak ediblər.

Tədbir çərçivəsində konsert proqramı təqdim olunub. Proqramda Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (direktor-baş dirijor Mustafa Aşurov) və Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər Gülbacı İmanova) ifasında Azərbaycan və dünya klassik musiqisinin seçilən nümunələri səsləndirilib.

Konsertdə Üzeyir Hacıbəylinin ölməz əsərlərinin ifası xüsusi maraqla qarşılanıb. Dahi bəstəkarın zəngin musiqi irsinin təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə keçirilən tədbir iştirakçılarda xoş təəssürat yaradıb.