Deputat: Vardanyan Qarabağa təxribat törətmək məqsədilə göndərilib
Bakı, 22 dekabr, AZƏRTAC
Bu günlərdə Azərbaycan xalqı qalib, mübariz, qürurlu bir xalq olduğunu bütün dünyaya sübut edir.
Vətəndaş cəmiyyətinin nümayəndələri, ekoloji fəallar mərdlik, dözümlülük nümayiş etdirərək neçə gündür ki, gecə-gündüz şaxtalı havada torpaqlarımızın yeraltı, yerüstü sərvətlərinin erməni separatçıları tərəfindən qanunsuz talanması, istismarına qarşı dinc aksiya keçirirlər.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
Deputat bildirib ki, artıq Ruben Vardanyanın Qarabağa göndərilməsinin məqsədi aydındır. Vardanyan Qarabağda təxribat törətmək, orada yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarını qorxu və təlaş içərisində saxlamaq, eləcə də ərazilərimizdəki təbii yataqlarımızı vəhşicəsinə istismar etmək və talamaq, öz havadarları ilə milyardlar qazanmaq məqsədilə göndərilib. Artıq Qarabağdakı ermənilər Vardanyanın tətbiq etdiyi üsuli-idarəni qəbul etmək istəmirlər və bu vəziyyətdən yeganə çıxış yolunu onun getməsində görürlər. Bu günə qədər Rusiya sülhməramlı kontingentinin komandanının azərbaycanlı etirazçıların qarşısına çıxıb qaldırdıqları tələblərin yerinə yetirilməməsinə aydınlıq gətirməməsi onu deməyə əsas verir ki, separatçıların bu qanunsuz hərəkətlərində Volkov da iştirak edir. Vardanyan başa düşür ki, Azərbaycan dövləti yaxın vaxtlarda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə də öz suverenliyini bərpa edəcək.
K.Əliyevanın sözlərinə görə, Ermənistanın guya Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizləmə aparılması barədə iddiaları qərəz və böhtandır. Laçın yolu aksiya iştirakçıları tərəfindən deyil, Rusiya sülhməramlıları tərəfindən bağlanıb.
“Döyüş meydanında və diplomatik sahədə qazandığımız şanlı Qələbədən sonra vətəndaş cəmiyyətinin nümayəndələrinin təbii yataqlarımızın istismar olunmasına qarşı dinc aksiyası da qələbə ilə başa çatacaq. Bu gün biz bütün vasitələrlə dünya ictimaiyyətinə Laçın yolunda aksiyanın keçirilməsinin əsl səbəbini çatdırmalıyıq”, - deyə Kamilə Əliyeva vurğulayıb.