ELM VƏ TƏHSİL
Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu necə aparılır?
Bakı, 11 mart, AZƏRTAC
Təhsil Nazirliyi digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulunun aparılması qaydasını açıqlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək. Digər dildə tədris aparılan bölmə üzrə müsahibənin qeydiyyatı martın 30-dək aparılacaq.
Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün I sinfə şagird qəbulu elektron sistemində şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata alınır. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.
Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədə uğur qazandıqdan sonra valideyn mayın 1-dən sentyabrın 14-dək şəxsi kabinetə daxil olub məktəb seçimi edə bilər.
Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki sorğunu ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, uşağı əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.
Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə (dinlədiyini anlayır, ünsiyyət qurur, fikrini sadə formada çatdıra bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.
Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideyn və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin gətirilməsi tələb olunur. Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə, aprelin 13-dən 22-dək rayon (şəhər) təhsil şöbələrində (idarələrində) növbəyə yazılaraq, müəyyən edilmiş vaxtda apellyasiya komissiyasına müraciət etmək mümkündür.
Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.