DONETSKDƏ YAŞAYAN AZƏRBAYCANLILAR QAYĞI VƏ DİQQƏT ƏHATƏSİNDƏDİRLƏR
Kiyev, 30 sentyabr (AZƏRTAC). Donetskdə şəhər meri Aleksandr Lukyançenkonun “Azərbaycan dünyası” beynəlxalq jurnalının və “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi “Vətən övladı” qızıl medalı ilə təltif edilməsinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Donetsk şəhərinin meri bu mükafata Azərbaycanla Donetsk arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə sanballı şəxsi töhfələrinə, Ukraynanın bu şəhərində yaşayan çoxsaylı Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğıya görə layiq görülmüşdür.
Qeyd etmək lazımdır ki, Aleksandr Lukyançenkonun bu xidmətlərini qeyd etmək xahişi ilə “Azərbaycan dünyası” jurnalının və “Dədə Qorqud” fondunun rəhbərliyinə məhz həmvətənlərimiz müraciət etmişlər.
Ukraynanın Regionlar Partiyasını təmsil edən A.Lukyançenko oktyabrın 31-də keçiriləcək şəhər meri seçkilərində iştirak edəcəkdir. Burada heç kəs şübhə etmir ki, Donetsk sakinləri, o cümlədən bu şəhərdə yaşayan azərbaycanlılar həmin vəzifəni tutmaq uğrunda mübarizədə A.Lukyançenkonu yenə dəstəkləyəcəklər.
Mükafatı “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov təqdim etmişdir.
Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) Donetsk regional təşkilatının rəhbər şurasının iclasında iştirak etmiş Eldar İsmayılov UAK-ın Donetsk regional təşkilatının sədri İqbal Mahmudova da “Vətən övladı” qızıl medalını təqdim etmişdir. İ.Mahmudov bu medala yüksək vətəndaşlıq mövqeyinə, vətənpərvərliyə və millətin sıx birləşməsi işində xidmətlərinə görə layiq görülmüşdür.
Şəhərdə yüksək nüfuz sahibi olan İ.Mahmudov oktyabrın 31-də keçiriləcək Donetsk vilayət şurasına seçkilərdə Ukraynanın nüfuzlu siyasi qüvvələrindən birinin seçki siyahısına daxil edilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev