MƏDƏNİYYƏT
Dövlət Dumasında Böyük Vətən müharibəsinin qadın döyüşçüləri haqqında sərgi açılıb
Moskva, 11 mart, AZƏRTAC
Rusiya Dövlət Dumasında faşizm üzərində qələbənin 75 illiyi və 8 mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Böyük Vətən müharibəsi qadınları” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, 4 gün ərzində davam edəcək sərgi Dövlət Duması yanında Gənclər Parlamentinin təşəbbüsü və Dövlət Dumasının Milli Məsələlər və Ailə, Qadın və Uşaq işləri üzrə Komitələrinin dəstəyi ilə keçirilir.
Tədbiri açan Milli Məsələlər üzrə Komitənin sədri Valeri Qazayev qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən bəhs edib.
Çıxış edən deputatlar İldar Qilmutdinov və Ailə, Qadın və Uşaq işləri üzrə Komitənin sədri Tamara Pletneva bu sərgiyə Moskvanın Azərbaycan icmasının dəstəyini xüsusi qeyd edib, icmaya öz təşəkkürlərini bildiriblər.
Sərgidə Böyük Vətən müharibəsi veteranları çıxış edərək öz döyüş yollarından danışıblar.
Qeyd etmək lazımdır ki, 1941-ci ildə əhalisi 3,4 milyon olmuş Azərbaycanda hər beşinci azərbaycanlı bu müharibədə iştirak edib. Cəbhəyə 681 min azərbaycanlı (onlardan 10 mindən çoxu qadın olmaqla) yollanıb, onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub ki, bu göstəricilər İkinci Dünya müharibəsində ABŞ və Böyük Britaniya kimi ölkələrin itkilərindən çox olub. Böyük Vətən müharibəsində hər onuncu azərbaycanlı həyatını itirib ki, bu da SSRİ-nin digər respublikaları arasında ən böyük göstəricilərdən biridir.
400 mindən çox azərbaycanlı orden və medallarla, 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub, 14 döyüşçü isə “Şöhrət” ordeninin tam kavalerləridir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva