ELM VƏ TƏHSİL
Dövlət İmtahan Mərkəzinin “YouTube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir
Bakı, 11 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM)“YouTube” kanalına “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, V-VII sinif fənləri üzrə “vizuallaşdırılmış dərs”lərin bir hissəsi Mərkəzin "Youtube" kanalına yerləşdirilib.
Xatırladaq ki, 2019-cu ilin əvvəllərindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən “vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formatında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Məzmunu qısa, lakin dolğun ifadə etmək, materialın şərh və izahlarındakı yığcamlıq şagirdlərə az vaxtda səmərəli nəticələr əldə etməyə imkan verir. Həmin materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir.
Hazırda Azərbaycan dili, ingilis dili, riyaziyyat fənləri üzrə V sinfə, ingilis dili, fizika, coğrafiya, biologiya, Azərbaycan tarixi, ümumi tarix, riyaziyyat fənləri üzrə VI sinfə, ingilis dili, biologiya, kimya, coğrafiya, ümumi tarix üzrə VII sinfə aid materiallar əsasında “vizuallaşdırılmış dərs”lərin tam və ya bir hissəsi portala yerləşdirilib. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir.
Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi “videodərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı materialdır. Şagirdlər, eləcə də valideynlər imtahan və tədris prosesində yaranmış fasilədən səmərəli istifadə edərək dərslərdən uzaqlaşmamaq, mövzuların təkrarı üçün bu materiallardan istifadə edə bilərlər.
Dərsliklərdə olan mövzuların şagirdlərə vizual şəkildə təqdim olunmasının bir sıra üstünlükləri var. Vizual təqdimatlar məlumatın şagirdlər tərəfindən daha yaxşı qavranılması və yadda saxlanılmasının effektivliyini artırır.
“Videodərs”lərdən ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, müəllimlər metodiki material kimi istifadə edə bilərlər.