DÖVLƏT SƏRHƏD XİDMƏTİ AKADEMİYASININ İLK KURSANTLARI VƏTƏNƏ, DÖVLƏTƏ SƏDAQƏT ANDI İÇMİŞLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 14-də Dövlət Sərhəd Xidmətinin (DSX) sahil mühafizəsində Dövlət Sərhəd Xidməti Akademiyasının ilk kursantlarının təntənəli hərbi andiçmə mərasimi keçirilmişdir.
Akademiyaya yeni qəbul olunmuş kursantlar doğma Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına, respublikamıza, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, komandirlərin əmrlərini ləyaqətlə yerinə yetirəcəklərinə, onlara göstərilən etimadı doğruldacaqlarına təntənəli surətdə and içmişlər.
Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, polkovnik Araz Məmmədov tədbir iştirakçılarını təbrik etmiş, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin Sərhəd Qoşunlarının inkişafına diqqət və qayğısından danışmışdır. Rəis demişdir ki, ölkəmizin başçısı tərəfindən qoşunların maddi-texniki bazasının möhkəmləndirilməsinə, sərhədlərimizin etibarlı mühafizəsinin təşkilinə, sərhədçilər üçün normal xidmətin və məişət şəraitinin yaradılmasına, peşəkar sərhədçi kadrların hazırlanmasına xüsusi diqqət və qayğı göstərilir. Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılması həmin diqqət və qayğının bariz nümunəsidir.
DSX rəisinin birinci müavini, general-mayor Firudin Nəbiyev ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlardan, Dövlət Sərhəd Xidmətinin formalaşması və inkişafına göstərilən dövlət qayğısından danışmışdır. Bildirmişdir ki, Dövlət Sərhəd Xidməti Akademiyası ölkəmizdə xüsusi ixtisaslı, ali hərbi təhsilli sərhədçi zabit kadrlarının yetişdirilməsində mühüm rol oynayacaqdır.
Valideynlər bu əlamətdar gündə hərbi andı qəbul edən kursantları təbrik etmiş, övladlarına dövlət sərhədlərinin etibarlı mühafizəsində uğurlar diləmiş, nailiyyətlər arzulamışlar.
Sonda kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.
######
![]() |
![]() |

