Dünya Azərbaycanlı Gənclərin I Konqresi Türkiyədəki Azərbaycan dərnəkləri üçün də mühüm tədbir olmuşdur
Ankara, 4 dekabr (AZƏRTAC). Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) sədri Bilal Dündar Almaniyanın Frankfurt şəhərində keçirilən Dünya Azərbaycanlı Gənclərin I Konqresini qardaş ölkədəki dərnəklər üçün də mühüm tədbir kimi dəyərləndirmişdir.
Konqres barədə təəssüratlarını bölüşən Bilal Dündar demişdir ki, diaspor təşkilatlarında gənclərin geniş şəkildə təmsil olunmasına Türkiyədə də böyük diqqət göstərilir. Türkiyədəki gənclər Leyla xanım Əliyevanın rəhbərliyi ilə İslam Konfransı Təşkilatının Gənclər Forumunun həyata keçirdiyi “Xocalıya ədalət - Qarabağa azadlıq” beynəlxalq kampaniyasında fəal iştirak edirlər. Mən azərbaycanlı rəsmilərə bu ay açılışı olacaq Kocaeli bələdiyyəsinin Qartəpə rayonundakı Heydər Əliyev parkı, federasiyamızın fəaliyyəti barədə geniş məlumat verdim. Mənimlə birlikdə tədbirdə iştirak edən TADF-ın baş katibi Saleh Bayrakdar və Cavid Əliyev də gənclərlə görüşlər keçirdilər, konqresdə çıxış etdilər. Avropa Azərbaycanlıları Konqresinin sədr müavini kimi mən də burada çıxış etdim və növbəti Konqresin Türkiyədə keçirilməsini təklif etdim.
TADF-ın sədri bildirmişdir ki, onun rəhbərlik etdiyi federasiya bu cür tədbirləri həm də Avropada və bütün dünyada Azərbaycan və Türkiyə diaspor təşkilatlarının həmrəyliyinin daha da güclənməsi baxımından əhəmiyyətli hesab edir. İndi bunun üçün gözəl şərait vardır. Çünki Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan diaspor təşkilatlarımızın güclənməsinə hər zaman diqqət və qayğı göstərirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara