Dünya Azərbaycanlılarının Həmrəylik Günü Berlində qeyd olunmuşdur
Bakı, 28 dekabr (AZƏRTAC). Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Ocağı (AMO) Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi (AAKM) ilə birlikdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir keçirmişdir.
Diasporla iş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, AMO-nun idarə heyətinin üzvü Hafiz Mahinasgar, təşkilatın üzvü Naibə Hantel çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışmışlar. Bu günün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik rəmzi və ən önəmli bayramlarından biri olduğu vurğulanmışdır.
Sonra AAKM-ın əməkdaşları qonaqları DİDK-in AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə hazırladığı “Həftəsonu virtual məktəb” internet portalı ilə tanış etmişlər. Layihənin məqsədi, imkanları, portalda təqdim edilən fənlər barədə ətraflı məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.
Tədbirdə azərbaycanlı tələbələr, doktorantlar, Azərbaycanın Almaniyadakı səfirliyinin nümayəndəsi Nurçin Əliyev və Orta Şərq ölkələri üzrə tədqiqatçı alim Arif Kəskin iştirak etmişlər.