CƏMİYYƏT
DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
![DYP küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib](/files/2023/2/1200x630/16905546315275658979_1200x630.jpeg)
Bakı, 28 iyul, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a daxil olan məlumatda deyilir:
“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, iyulun 29-dan 30-u səhərədək ölkə ərazisində hava şəraitinin güclü küləklə müşahidə olunan dəyişməsi gözlənilir. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələri sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər”, - deyə müraciətdə deyilir.