Ədəbiyyat İnstitutunun əməkdaşları “Vikipediya”da məqalələr yaradırlar
Bakı, 25 iyul, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində Azərbaycan ədəbiyyatı, mətbuatı, Türk dünyası mövzusunda məzmunlu, cəmiyyət üçün maraq kəsb edən məqalələr əsaslı şəkildə redaktə olunur və ya yaradılır.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, institutun əməkdaşları Seyidnisə Lətifli, Fidan Hacalıyeva, Nigar İsayeva və Nərmin Həsənova Azərbaycan dili bölməsində məqalələr yaradıb və əsaslı mənbələrlə zənginləşdiriblər.
“Vikipediya” qrupu bu günə qədər 50-dən çox məqalə yaradaraq və əsaslı şəkildə redaktə edərək sərbəst ensiklopediyanın zənginləşməsinə öz töhfələrini veriblər.
Qeyd edək ki, bir neçə ay əvvəl institut əməkdaşları AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada keçirilən təlimlərdə iştirak edib və bu gün fəaliyyətlərini səmərəli şəkildə davam etdirirlər.