“Elm” qəzetinin Ulu Öndərin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb
Bakı, 10 may, AZƏRTAC
AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan xüsusi buraxılışı çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, qəzetin bu sayında AMEA-nın Ümumi yığıncağının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasının materialları yer alıb.
Belə ki, xüsusi buraxılışda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərin, Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti akademik Siracəddin Mirzayevin, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun rəhbəri professor Yüksel Özgenin, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun, Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metrevelinin, Asiya Elmlər Akademiyaları və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusevin, akademik Gövhər Baxşəliyevanın və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədrinin müavini Şəfa Əliyevanın çıxışları və yeni nəşrlər oxuculara təqdim olunur.