ELMAN RÜSTƏMOV ŞAHMAT ÜZRƏ MİLLİ KOMANDANIN KAPİTANI SEÇİLMİŞDİR
Bakı, 7 may (AZƏRTAC). Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Prezident Kuboku yarışları çərçivəsində Azərbaycan və dünya yığmaları arasında mayın 7-də başlanacaq şahmat turnirinə həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
Tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti, Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov, Federasiyanın vitse-prezidentləri Faiq Həsənov və Mahir Məmmədov, görüşün Təşkilat Komitəsinin üzvü Rüfət Aslanlı, habelə rəqib komandaların hər birindən iki şahmatçı - Azərbaycan tərəfindən Vüqar Həşimov, Teymur Rəcəbov, dünya yığması tərəfindən Vladimir Kramnik (Rusiya) və Sergey Karyakin (Ukrayna) iştirak etmişlər.
AŞF-nin prezidenti Elman Rüstəmov tədbir iştirakçılarını salamlayaraq demişdir: “Biz Bakıda Azərbaycan və dünya yığma komandaları arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş görüşün keçirilməsi ideyasını həyata keçirdik. İlbəil inkişaf edən bu turnirin səviyyəsi yüksəlməkdədir. Bu dəfə Bakıda böyük şahmat hadisəsi olacaqdır. Milli yığmamız dünya yığmasına qarşı mübarizə aparacaqdır. Onun başlanmasını intizarla gözləyirik. Məlum olduğu kimi, Prezident İlham Əliyev şahmatın inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə Sərəncam imzalamışdır. Bu, ölkəmizdə şahmatın təbliğində böyük rol oynayacaqdır”.
Vladimir Kramnik bildirmişdir ki, qarşıdan gələn görüşün hər bir turunda maraqlı mübarizə şəraiti gözlənilir: “Bu, çox ciddi hadisədir. Biz oyunumuzu izləyəcək tamaşaçılar qarşısında məsuliyyət daşıyırıq. Mən bura hər bir partiyanı axıradək oynamaq üçün gəlmişəm. Çox şadam ki, görüş baş tutacaqdır. Bu, dünyanın ən yaxşı şahmatçılarının oyununu izləyəcək bakılılara hədiyyədir”.
Xatırladaq ki, açılış mərasimində hazırkı dünya çempionu Vişvanatan Ananda şahmat “Oskar”ı təqdim ediləcəkdir.
Mətbuat konfransında FİDE-nin tətbiq etməyə hazırlaşdığı reytinqin hesablanmasına dəyişikliklər məsələsinə də toxunulmuşdur. Bu məsələyə mənfi münasibət bildirən şahmatçılar belə bir yekdil rəyə gəlmişlər ki, həmin məsələ Azərbaycan və dünya yığmaları arasında görüşün açılış mərasimində iştirak edəcək FİDE-nin prezidenti Kirsan İlyumjanov qarşısında qaldırılmalıdır.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov demişdir ki, dünya yığmasının kapitanı Kirsan İlyumjanov, milli komandanın kapitanı isə AŞF-nin prezidenti Elman Rüstəmov olacaqlar.
######
