ELM VƏ TƏHSİL
Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı və ekspertizası – təlim
Bakı, 4 aprel, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyi tərəfindən elan olunan “Əqli mülkiyyət aylığı” çərçivəsində “Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyatı və ekspertizası” mövzusunda təlim təşkil olunub.
Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirdə Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertiza Mərkəzinin “Milli əmtəə nişanları və coğrafi göstəricilər” sektorunun müdiri Gülcahan Əlimərdanova məruzə ilə çıxış edərək “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq maddələri, o cümlədən əmtəə nişanı anlayışı, ekspertizanın aparılması və qeydiyyat prosedurları barədə ətraflı məlumat verib. O, əmtəə nişanlarının bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olduğunu, onun istehsalçı ilə istehlakçı arasındakı münasibətləri tənzimləyəcək gücə malik olmasını bildirərək əmtəə nişanlarının qeydiyyatının vacibliyini xüsusilə vurğulayıb.
G.Əlimərdanova Əqli Mülkiyyət Agentliyi tərəfindən bu sahədə görülən işlər, nəşr olunmuş “Azərbaycanda sənaye nümunələrinin, coğrafi göstəricilərin və əmtəə nişanlarının analitik icmalı”, “Azərbaycana məxsus coğrafi göstəricilər” və ”Milli brendlərimizi qoruyaq” adlı kitablar haqqında dolğun məlumat verib.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.