İDMAN
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
Bakı, 24 may, AZƏRTAC
Bakıda yarışlar yüksək səviyyədə təşkil edilib. Burada hər şey çox mükəmməldir. Bakı təhlükəsiz şəhərdir. Ona görə də buradakı yarışlarda məmnuniyyətlə iştirak edirik. İnsanlar çox mehribandırlar. Hər məsələdə bizə kömək edirlər. Azərbaycanın milli xörəkləri çox dadlıdır. Burada qalmaq, məşqlər etmək üçün hər cür şərait var.
Bunu mayın 24-də Bakıda start götürən aerobika üzrə 11-ci Avropa çempionatında iştirak edən erməni əsilli rusiyalı gimnast Duxik Canazyan AZƏRTAC-a müsahibəsində deyib.
“Bakı 2015” birinci Avropa Oyunlarında da iştirak etdiklərini vurğulayan gimnast bildirib: “Dörd il əvvəl Bakıda keçirilən birinci Avropa Oyunlarında iştirak etmişik. Bakıda gözəl idman ab-havası var. Milli Gimnastika Arenası qeyri-adi gözəlliyə malikdir. Burada azarkeşlər bütün gimnastlara, eləcə də bizə güclü dəstək verirlər”.
“Arsenal” komandasının erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək final qarşılaşmasında iştirak etmək istəməməsinə münasibət bildirən gimnast deyib: “Düşünürəm ki, idmanla siyasəti qarışdırmaq düzgün deyil. Mən onun yerinə olsaydım, komandamı dəstəkləyib onun yanında olardım”.