CƏMİYYƏT
Ermənistan vəziyyəti daha da gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdür - Açıqlama
![Ermənistan vəziyyəti daha da gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdür - Açıqlama](/files/2023/2/1200x630/16905545041018429687_1200x630.jpg)
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının öz sərhədlərinə nəzarət və erməni təxribatlarının qarşısını almaq məqsədilə təsis etdiyi Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğunu həzm edə bilməyən Ermənistanın ölkəmiz ilə razılaşdırmadan Azərbaycanın suveren ərazilərinə “humanitar yük” adı altında avtomobil karvanlarının göndərməsi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı qəsddir. Bu, Ermənistanın Laçın sərhəd-keçid məntəqəsi istiqamətində həyata keçirdiyi növbəti təxribatdır. Bu təxribat Ermənistanın sülh prosesində səmimi olmadığını, vəziyyəti daha da gərginləşdirməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güddüyünü sübuta yetirir.
Bunu AZƏRTAC-a açıqlamasında “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə söyləyib.
Onun sözlərinə görə, Ermənistanın sərhəd bölgəsində, xüsusilə də Laçın sərhəd-buraxılış məntəqəsi istiqamətində sərhədçilərimizi atəşə tutması, qaçaqmalçılıq halları da daxil olmaqla səngimək bilməyən təxribatları bu ölkənin öz məkrli və təcavüzkar siyasətindən əl çəkmək istəmədiyinin bariz nümunəsidir. Bu təxribat bir daha göstərir ki, Ermənistanın "bölgədə gərgin humanitar vəziyyət" iddiaları bu ölkənin manipulyasiyası və qeyri-qanuni fəaliyyətləri davam etdirmək niyyətindən başqa bir şey deyil.
“Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və bu təkliflərin Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bütün təkliflərə, eləcə də Azərbaycanın qeyd etdiyi yollar vasitəsilə BQXK tərəfindən yüklərin daşınmasına qarşı çıxması, müvafiq humanitar fəaliyyətə maneçilik törədilməsi, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması onların humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və provokasiya olduğunu göstərir. Bu addımlar humanitar fəaliyyəti siyasiləşdirməklə yanaşı, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasına dair bəyanatlarla ziddiyyət təşkil edir. Qeyd edilən təxribata Avropa İttifaqının Ermənistandakı missiyasının və diplomatik korpusun da alət edilməsi bunun əvvəlcədən planlaşdırılmış addım olduğunu nümayiş etdirir. Ermənistandan təxribatlardan əl çəkməyi tələb edirik. Əks təqdirdə, hər zaman olduğu kimi təxribatların qarşısı müvafiq tədbirlərlə və kifayət qədər sərt formada alınacaq, baş verənlərə görə isə bütün məsuliyyət rəsmi İrəvanın üzərinə düşəcək”, - deyə İctimai Birliyinin sədri deyib.