FHN-in əməkdaşı Rusiyada keçirilmiş beynəlxalq konfransda iştirak edib
Bakı, 12 mart, AZƏRTAC
Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illik yubileyi münasibətilə Soçidə “Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə xidmətinin müasir mərhələsi, dağ və dəniz xilasetmə texnologiyasının gələcək inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirə MDB-yə üzv dövlətlərin, eləcə də bir sıra Avropa ölkələrinin fövqəladə hallarla mübarizəyə cavabdeh nazirlik və qurumlarının nümayəndələri qatılıblar. Konfransda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi, polkovnik Asif Məmmədli də iştirak edib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan Rusiya Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Qurumları Departamentinin rəhbəri general-leytenant İqor Kutrovski tədbirin əhəmiyyətindən danışaraq, son illər dünyada baş vermiş təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizənin gücləndirilməsinin və bu istiqamətdə qarşılıqlı əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən polkovnik Asif Məmmədli ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. O, nazirliyin müvafiq qüvvə və vasitələrinin qonşu ölkələrdə baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirdiyi tədbirlərdən də bəhs edib.
Konfransda çıxış edənlər beynəlxalq əməkdaşlıq çərçivəsində bu tədbirin əhəmiyyətini vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin vacibliyindən danışıblar. Tədbir iştirakçıları axtarış-xilasetmə işlərinin prinsipləri haqqında müzakirələr aparıb, dağ-meşə massivində və su hövzələrində xilasetmə işləri ilə bağlı suallara cavab tapmağa çalışıblar.
Almaniyanın Fövqəladə hallar zamanı vətəndaşların müdafiəsi və xilası Federal İdarəsinin rəis müavini Hersoq Tomas Kristian, Fransanın “EscapeInternational” şirkətinin texniki mühəndisi Hari Bertrand axtarış-xilasetmə tədbirləri üçün istehsal olunan xüsusi avadanlığın əhəmiyyətinə toxunublar.
İştirakçılar Rusiya Fövqəladə Hallar Nazirliyinin Cənub Regionu üzrə Axtarış Xilasetmə Dəstəsinin yaradılmasının 25 illiyinə həsr edilən sərgidə xilasetmə və yanğınsöndürmə texnikası, qəza xilasetmə avtomobilləri və digər texnika və avadanlıqla yaxından tanış olublar.