FHN-in İdman-sağlamlıq klubunda çoxnövçülük üzrə çempionata yekun vurulub
Bakı, 15 mart, AZƏRTAC
Martın 13 -15-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman bazasında nazirliyin qurumları arasında çoxnövçülük üzrə çempionat keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, idman-sağlamlıq klubunun təşkilatçılığı ilə reallaşdırılan çempionat 3 gün davam edib. FHN-in qurumlarının ümumilikdə 13 komandasından 40 əməkdaşın iştirak etdiyi birincilikdə 100 və 1000 metr məsafəyə qaçış, daşqaldırma və turnikdə dartınma növlərində həm şəxsi, həm də komanda hesabında iştirakçılar qüvvələrini sınayıblar.
Yarışlarda komanda hesabında FHN-in Bakı Regional Mərkəzinin komandası birinci olub. İkinci yerə Xüsusi Riskli Xilasetmə Xidmətinin, üçüncü yerə isə FHN Akademiyasının komandaları layiq görülüblər.
Şəxsi yarışlarda çempion adını Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Həsən Seyidov qazanıb. İkinci yerə Muğan Regional Mərkəzinin əməkdaşı Elmir Əhədov, üçüncü yerə isə Mülki müdafiə qoşunlarının əməkdaşı Ədalət Məmmədov sahib olub.
Qaliblərə kubok, diplom və medallar təqdim edilib.