FRANSA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TEZLİKLƏ HƏLL EDİLMƏSİNİN TƏRƏFDARIDIR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi attaşe M.Babü hərbi attaşe olduğu müddətdə gördüyü işlər barəsində məlumat vermiş, uğurlu fəaliyyət göstərməsi üçün yaradılan şəraitə görə təşəkkür etmişdir. O qeyd etmişdir ki, Fransa-Azərbaycan hərbi əməkdaşlığının bundan sonra da uğurla davam etdirilməsinə inanır.
Səfər Əbiyev bildirmişdir ki, Fransa Azərbaycan üçün əhəmiyyətli ölkədir. Çünki Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Biz inanırıq ki, Fransa dövləti bu münaqişənin ədalətli həllinə öz töhfəsini verəcəkdir. Lakin təəssüf ki, münaqişənin həllində Minsk qrupu həmsədrlərinin fəaliyyəti indiyədək nəticəsiz qalmışdır.
Nazir vurğulamışdır ki, Azərbaycan öz torpaqlarının işğalçı Ermənistan tərəfindən ələ keçirilməsi ilə barışmayacaqdır. Biz 12 ildir aparılan sülh danışıqlarının nəticəsini gözləyirik. Əgər bu danışıqlar bir nəticə verməsə, torpaqlarımızı mütləq azad edəcəyik.
General-polkovnik Səfər Əbiyev Cənubi Qafqazda Ermənistan dövlətinin yaranması və Ermənistan-Azərbaycan münaqişəsinin tarixi barəsində qonaqlara məlumat vermişdir.
Səfir Bernar Amodrik dü Şafo bildirmişdir ki, Fransa dövləti və onun Prezidenti Jak Şirak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşməsinin tərəfdarıdır. Azərbaycan Prezidenti İlham Əliyev bu il iki dəfə Fransa Prezidenti ilə görüşmüşdür. Bu faktın özü göstərir ki, Fransa dövləti münaqişənin tezliklə həll edilməsinin tərəfdarıdır.
Azərbaycan-Fransa hərbi əməkdaşlığından bəhs edən Səfər Əbiyev demişdir ki, Azərbaycan Fransa ilə hərbi sahədə əməkdaşlığı davam etdirməyə həmişə hazırdır.
Görüşün sonunda müdafiə naziri hərbi attaşe M.Babünü yeni təyinatı münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.