Gənc bəstəkar: Belə festivallarda iştirak etmək gənc musiqiçilərin yaradıcılığına müsbət təsir göstərir
Qəbələ, 29 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Beynəlxalq Musiqi Festivalında ilk dəfədir iştirak edirəm. Festivala böyük həvəslə qatılmışam. “Gənclərə dəstək” layihəsi çərçivəsində keçirilən konsertdə öz əsərimi - tar və fortepiano üçün “Zəfər çələngi”ni ifa etdim. Biz gənclərə belə fürsəti yaratdıqlarına görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Azərbaycan Milli Konservatoriyasının tələbəsi, gənc bəstəkar Lalə Əhmədova deyib.
Festivallarda iştirak etməyin gənc musiqiçilərin yaradıcılığına, peşəkarlıq səviyyəsinin artmasına çox böyük təsir göstərdiyini vurğulayan gənc bəstəkar deyib: “Belə festivallar gənclərdə özünəinamı artırır, yaradıcılıq stimulu verir, ruhlandırır. Konsertlərdə iştirak etməklə gənc musiqiçilər səhnəyə öyrəşir, daha da püxtələşir. Belə mötəbər festivalda iştirak etdiyimə görə çox xoşbəxtəm”.