“Gəncə” voleybol klubunun baş məşqçisi: Yarımfinala yüksəlmək böyük potensialımızın olduğunu göstərir
Bakı, 29 oktyabr, AZƏRTAC
“Azərbaycan Kuboku yarışlarının yarımfinal mərhələsinə vəsiqə qazanmaq bizim üçün çox sevindiricidir. İki oyun, iki qələbə – bu, komandanın potensialını və birgə çalışma bacarığını göstərir. Oyunçularımızın mübarizə əzmi, öz üzərlərində çalışma istəyi, eləcə də komanda ruhu bizi irəlilətməkdədir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət “Gəncə” klubunun baş məşqçisi Sergey Çasnavitski Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanmaları barədə danışarkən deyib.
Belaruslu mütəxəssis bildirib ki, ilk oyunlarda göstərdikləri performans, növbəti mərhələlər üçün yaxşı təməl yaratdı. “Biz daha da irəliləmək, hər oyunda özümüzü inkişaf etdirmək niyyətindəyik. Komandamızın hər bir üzvü bu mübarizədə öz rolunu bilir və birlikdə daha böyük uğurlara imza atmağa hazırıq. Əsas məqsədimiz müvafiq strategiyaları tətbiq edərək növbəti oyunlarda da eyni qələbələri qazanmaqdır. Azarkeşlərimizin dəstəyi bizim üçün çox önəmlidir və onlara layiqli oyun nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik”.
“Qələbələrimizin arxasında uzun müddət davam edən gərgin məşqlər və komanda işi dayanır. Hər oyun öncəsi strategiyamızı müzakirə edərək, rəqibin zəif tərəflərini analiz edirik. İlk oyunda da gördük ki, komandamızın birgə işləmə bacarığı, mübarizəyə hazırlığı yüksəkdir. İkinci matçda isə oyunçularımız əzmkar davranaraq irəliləməyi bacardılar. Müsbət nəticələr yalnız qələbə ilə bitən matçlar deyil. Bu, həm də bizə gələcək oyunlar üçün inam aşılayır. Hər iki oyunda qazanılan təcrübə, komandamızın daha da güclənməsinə kömək edəcək. Hətta oyunda kiçik səhvlər də olsa, biz həmin məqamları analiz edərək üzərimizdə işləyirik. Bu qələbələr yalnız başlanğıcdır. Biz komanda olaraq, daha çox irəliləmək, böyük nailiyyətlər əldə etmək üçün çalışırıq. Bu yolda yanımızda olan hər kəsə təşəkkür edirəm və gələcək matçlarda daha gözəl performans nümayiş etdirmək üçün əzmlə işləməyə davam edəcəyik”, - deyə S.Çasnavitski əlavə edib.
Qeyd edək ki, “Gəncə” klubu Azərbaycan Kubokunun qrup mərhələsində “Azərreyl” və UNEC komandalarını 3:0 hesabı ilə məğlub edərək turnirin yarımfinal mərhələsinə yüksəlib.