Gəncədə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb
Gəncə, 25 iyul, E. Məmmədov, AZƏRTAC
İyulun 25-də Gəncə şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün qorunması və bərpası uğrunda mübarizədə şəhid olanların xatirələrinin yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin böyük dövlət idarəçiliyi təcrübəsi, uzaqgörən siyasəti sayəsində ölkəmizdə dövlət-din münasibətlərinin düzgün qurulması üçün zəruri addımlar atılıb. Ulu Öndərin bu sahədə həyata keçirdiyi siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən DQİDK-nın sədr müavini Sahib Nağıyev bildirib ki, bəzən din altında ölkə əleyhinə, dövlətçiliyə qarşı təxribat xarakterli işlər görənlər olur, din siyasiləşdirilərək təsir mexanizminə çevrilir. Bu cür təxribatlara əl atanlar vaxtında dəqiqləşdirilir və onların barəsində müvafiq tədbirlər görülür.
Diqqətə çatdırılıb ki, Dövlət Komitəsi ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması, müxtəlif dinlərə və məzhəblərə etiqad edən ölkə vətəndaşlarının qarşılıqlı hörmət və əməkdaşlıq ənənələrinin daha da gücləndirilməsi, həmçinin dinin siyasiləşdirilməsi, radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizənin aparılması məqsədilə müxtəlif formatlarda silsilə maarifləndirici tədbirlər təşkil edir.
Milli Məclisin deputatı, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdiyini bildirib. O, Ulu Öndərin bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldığını, eləcə də dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdiyini diqqətə çatdırıb.
Tədbirdə, həmçinin Daxili İşlər Nazirliyinin nümayəndəsi Oqtay Tağıyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Tahir Abbasov çıxış ediblər. Çıxışlarda ölkədə dini mühitdə gedən proseslərdən, çağırışlar və təhdidlərdən, Azərbaycan dövlətinin atdığı addımlardan bəhs olunub.
Tədbir çərçivəsində kitab sərgisi keçirilib və sənədli film nümayiş olunub.
Konfrans işini iyulun 27-dək davam etdirəcək.