Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib












Gəncə, 20 mart, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin (GDU) rektoru professor Yusif Yusibov, məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Gəncə Dövlət Milli Dram Teatrının foyesində sərgi ilə tanış olublar.
Daha sonra teatrın səhnəsində konsert proqramı təqdim edilib. Konsertdə GDU-nun nəzdində Regional Kollecin “Ozan” folklor ansamblı, “Dostum” qrupu, tarzən Sahil Quliyev, solistlər Zəminə Mustafayeva və Əziz Əhmədov çıxış ediblər. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” uşaq rəqs ansamblının və Gəncə şəhər 13 nömrəli uşaq bağçasının fidanlarının bir-birindən maraqlı rəqsləri isə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bununla yanaşı, Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi “Keçəlin toyu” səhnəciyi nümayiş olunub.
Konsert proqramından sonra teatrın qarşısında müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları Novruz bayramı münasibətilə təbrik ediblər. Novruzun personajları Keçəl və Kosanın çıxışları, həmçinin qonaqlarla yumurta döyüşdürmələri maraqla izlənilib.
Sonda Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblının ifasının sədaları altında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024-cü il paralimpiya çempionu İmaməddin Xəlilovla birlikdə bayram tonqalını alovlandırıb.