Gəncədə sahibsiz küçə heyvanları üçün sığınacaq istifadəyə verilib
Gəncə, 24 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin, Kəpəz Bələdiyyəsinin dəstəyi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü ilə sahibsiz küçə heyvanları üçün inşa edilən sığınacaq istifadəyə verilib. “Yuva” adı ilə fəaliyyətə başlayan sığınacağın tikinti işləri Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən aparılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi nəzərdə tutulub. Onların qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.
Qeyd edək ki, sığınacaq Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşir.