Gündüz Kərimov: Məhkəmə-hüquq sistemində islahatlarla bağlı Fərman strateji sənəddir
Bakı, 6 may, AZƏRTAC
Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərman bu sahədə mühüm dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur. Bu səbəbdən həm cəmiyyət, həm də biznes ictimaiyyətinin bu islahatların müzakirəsində iştirakı əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıda keçirilən “Azərbaycanda məhkəmə hüquq-islahatları: Azərbaycanda Amerika Ticarət Palatası ilə ictimai müzakirələr” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib. O qeyd edib ki, hazırkı tədbir və bu qəbildən olan digər silsilə tədbirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə bütün ölkə üçün əhəmiyyət kəsb edən məhkəmə-hüquq islahatlarının keçirilməsinə ictimaiyyətin cəlb edilməsi məqsədini daşıyır.
Hüquq və iqtisadiyyatın qarşılıqlı əlaqədə fəaliyyət göstərən iki məfhum olduğunu deyən Gündüz Kərimov idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinin Azərbaycanda iqtisadi inkişafa təkan verdiyini, ölkəmizin iqtisadi müstəqilliyinin, iqtisadi-sosial gücünün möhkəmlənməsində öz rolunu oynadığını qeyd edib.
Birinci vitse-prezidentin köməkçisi bildirib ki, Prezidentin Fərmanı ilə dövlət orqanlarına və təşkilatlarına məhkəmə-hüquq sisteminin müxtəlif sahələri üzrə tapşırıq və tövsiyələr verilib. “Fərmanda göstərilmiş müddətlərdə bu orqan və qurumlar həmin tapşırıqların icrası məqsədilə müxtəlif qanun, fərman və digər normativ hüquqi aktların layihələrini hazırlayıb Prezident Administrasiyasına təqdim etməlidirlər. Bu konfransın keçirilməsinin əsas məqsədlərindən biri də bu qurumlar tərəfindən təqdim ediləcək layihələrə baxılarkən biznes və hüquq ictimaiyyətinin islahatlara aid əsaslandırılmış, rasional və obyektiv təkliflərinin nəzərə alınmasının təmin edilməsidir”, - deyə o vurğulayıb.
Gündüz Kərimov bildirib ki, Fərman məhkəməyə müraciət hüququndan başlayaraq məhkəmə qərarlarının icrasının səmərəliliyinə qədər bütün məsələləri əhatə edir. Ona görə də bu sənəd strateji sənəd hesab oluna bilər.