Günter Ştayner: Bakıda sprint yürüşü Qran-Prinin start düzülüşünə təsir göstərməyəcək
Bakı, 24 aprel, AZƏRTAC
“Haas” komandasının rəhbəri Günter Ştayner Formula 1 çempionatının sprint yürüşləri və yarış uik-endinin formatına edilən dəyişikliklər barədə fikrini bildirib.
AZƏRTAC xəbər verir ki, 2023-cü ildə sprintlərin sayı 6-dək artırılıb, onlardan birincisi eksperimental formatda keçiriləcək. Bakıda sprint yürüşü avtonom qaydada keçiriləcək və Qran-Prinin start düzülüşünə təsir göstərməyəcək, bununla bağlı pilotları iki təsnifat gözləyir. Lakin heç də pilotların hamısı bu fikri müsbət qarşılamayıblar, Maks Ferstappen isə uik-end formatının dəyişiklərində tendensiyanın qorunub saxlanılacağı təqdirdə hətta çempionatdan gedəcəyi ilə hədələyib.
Günter Ştayner “Reuters”ə müsahibəsində bu barədə fikirlərini bölüşüb: “Mən hər yürüş uik-endində sprintləri keçirib-keçirməyəcəyimizi bilmirəm. Ola bilər ki, bir neçə sprint də əlavə olunsun və ya uik-endlərin yarısı sprinterli olsun. Hazırda yürüşlərə tələbat bizim təsəvvür etdiyimizdən daha yüksəkdir. Biz 24-dən çox mərhələ keçirə bilmərik, lakin sprintlərin köməyi ilə daha çox yürüş və mübarizə əldə edə bilərik. Bəli, sadəcə olaraq, mərhələləri ikiqat etmək mümkündür”.